"Rusiyanın Avropa Şurasından tamamilə uzaqlaşdırılması doğru addım sayıla bilməz"
Bu fikirləri Aktual.az-a Azərbaycan Dillər Universitetinin (ADU) Beynәlxalq münasibәtlәr kafedrasının müdiri, siyasi elmlәr üzrә fәlsәfә doktoru,dosent, politoloq Samir Həmidov deyib. Onun sözlərinə görə, Rusiya tamamilə təşkilatdan uzaqlaşdırılsa, bu qurum təzyiqetmə rıçaqlarını itirəcək:
"Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququnun əlindən alınması Rusiyaya qarşı siyasi təzyiq formalarından biridir. Avropalılar anlayırlar ki, istər iqstisadi, istər humanitar, istərsə də siyasi şəkildə Rusiyaya qarşı təzyiqlər onun Ukraynaya qarşı aqressiv siyasətinin qarşısını ala bilər. Bu baxımdan hesab edirəm ki, Avropa Şurasının bu addımı, tamamilə, məntiqlidir. Eyni zamanda Rusiyanın təşkilatdan, tamamilə, uzaqlaşdırılması da doğru addım sayıla bilməz. Ona göə ki, bu qurum təzyiqetmə rıçaqlarını itirəcək. Bu səbəbdən də təşkilat orta mövqe tutmalıdır".
S. Həmidov bildirib ki, əgər təzyiqlər olmasa, Rusiya digər ərazilərə doğru irəliləyə bilәr:
"Məlum məsələdir ki, təzyiqetmə imkanları iqtisadi cəhətdən güclü tərəfin əlindədir. Bu baxımdan Avropa təzyiq mexanizmlərinə malikdir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan Avropa ziyan çəksə də, rəsmi Moskva daha çox itirir. İqtisadi, siyasi təzyiqlər vasitəsi ilə Rusiyanın beynəxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərməsinə nail olmaq olar. Əgər təzyiqlər olmasa, Rusiya digər ərazilərə doğru irəliləyəcək. Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münqaşisənin həll olunmamasının әsas səbəbilәrindәn biri Rusiyanın tutduğu mövqedir. Ona görə də hesab edirəm ki, Rusiyaya qarşı tarazlı təzyiqləri artırmaq lazımdır".
“Təzyiqlər fonunda Rusiya tutduğu yoldan çəkilәcəkmi?” sualını politoloq belə cavablandırıb:
"Düşünmürəm ki, qısa müddətdə Rusiyanı bu yoldan, tam olaraq, çəkindirmək mümkün olsun. 5 il və ya 8 il müddətində Moskvaya qarşı davamlı təzyiq olarsa, müəyən nəticə əldə etmək olar. Tam şəkildə rəsmi Rusiyanın geri çəkilməsinin mümkün olacağını düşünmürəm".
Xatırladırıq ki, Aktual.az-ın xarici mediaya istinadən xəbərinə görə, Rusiyanın bu ilin sonunadək Avropa Şurası Parlament Assambleyasını tərk etməsinə səbəb AŞPA-nın onu bu ilin sonunadək səsvermə hüququndan, eləcə də səlahiyyətlərinin bir hissəsindən məhrum etməsi olub.
1996-cı ildən bu quruma üzv olan Rusiya 2000-ci ildə də səsvemə hüququndan məhrum edilib, lakin 2001-ci ildə səlahiyyətləri yenidən özünə qaytarılıb. Rusiya parlamentariləri bildiriblər ki, indi səylər başqa müstəviyə, məsələn. ATƏT-ə yönəldiləcək. Əgər gələn il də vəziyyət dəyişməsə, Rusiyanın Avropa Şurasından birdəfəlik çıxması barədə məsələ qaldırılacaq.
Həsən Babayev/Aktual.az