Elşən Musayev: “Polad Bülbüloğlunu yaxşı tanıdığım üçün deyirəm, bu adam...”

Elşən Musayev: “Polad Bülbüloğlunu yaxşı tanıdığım üçün deyirəm, bu adam...”

Lavrovun mətbuat konfransındakı cavabına (məlum ajiotaja) hərə öz üslubunda münasibət bildirdi. Bəziləri hətta susqunluqla. Jurnalisti təhrikçi sual verməkdə ittiham edənlər də tapıldı, səfir Polad Bülbüloğlunu qınayanlar da, Rusiyanı "məhşər ayağı”na çəkənlər də...

Fəqət, nə olmalı idi ki olmadı, nə umurduq ki, puç oldu, alınmadı? – bax orasını anlamıram. Rusiyamı dəyişib, onun mövqeyimi, yoxsa bu dövlətdən gözləntilərmi? Dəyişməyib heç nə. Hər şey yerindədir, hər kəs də öz ampluasında. Dəyişən bir tək əsəb və səbrimizdir. Ona görə əsl mahiyyəti kənara qoyub bir-birimizi qırırıq, malı-mala qatırıq, bəzən hətta qaş düzəldən yerdə vurub göz çıxarırıq...

Lider TV-nin əməkdaşı Anar Həsənovun vətənpərvərliyinə şübhə edən varmı? Yox, təbii. Mümkün deyil. Ayrıca, jurnalistin vəzifəsi sual verməkdir. Adam da torpağı işğal altında olan dövlətin vətəndaşı kimi NORMAL sual ünvanlayıb. AMMA!, amma...beynəlxalq dairələrdə "normal” adında bir şey, normallıq etallonu, ədalətin, haqqın normal təzahüratı qaldımı ki, biz də özümüzü normal eyhamların qarşılığında normal münasibətə kökləyək? İndiyə qədər Beynəlxalq Təşkilatlar Qarabağın işğalına, bir milyondan artıq qaçqının taleyinə, Xocalı boyda faciəyə münasibətdə (kağız üzərindəki passiv qərarlardan savayı) normal mövqe sərgilədimi ki, biz də normal sualların ardından normal cavab eşitmək xülyasına qapılaq? Normalda Qarabağ bizim olmalı, BMT-nin 4 qətnaməsi çoxdan icra edilməli deyildimi? Normalda Beynəlxalq Hüququn ana prinsipləri, cild-cild Konvensiya müddəaları, "Femida” xanımın tərəzisindəki mizan biz deyəni demirmi?

Dünyanın normallıq dövrü ötüb, əzizlərim. Həm də çoxdan. İndi ehtiyatlı və həssas davranmaq məqamıdır. Hətta suallarımızı belə manevr örtüsü ilə cilalamalıyıq. Kimsəyə düşündüyünü açıqca demə imkanı tanımamalıyıq. Ələlxüsus da diplomatiya "div”lərinə. Bəhanə axtarışında olanlara. Bizi özlərindən bilməyənlərə. Dövlət və milli maraqlar naminə! - Söhbət budur.

Ya da olsun, Polad Bülbüloğlu. Inanın, yaxından tanıdığım üçün deyirəm, bu adam bütün varlığı ilə Azərbaycana bağlı biri. Üstəlik, Şuşa doğumlu, vətən nisgilli. İllər boyunca Qarabağ mövzusunda necə cəsur bəyənatlar verdiyinin (əksəriyyəti media manşetlərində yer alıb) isə canlı şahidiyik. Yaxşı bəs indi nə dəyişdi? Bir an içində niyə üzərinə qılıncla, qalxanla gedəsi olduq ? – Ona görə ki, jurnalisti ittiham edib. Deyilmi? Həm də əsəbi vəziyyətdə. Yəni, masaüstü səbəbimiz budur.

Oysa, saniyə etibarilə adamın xidmətlərini unutmuşuq demək. Daş-qalaq eləməyə isə bir canıq. Və ya - siz heç düşündünüzmü ki, bu aqressiyanın səbəbi diplomat məsuliyyəti ya da iki qonşu dövlət arasında lüzumsuz, arzu edilməyən beynəlxalq skandalın bəri başdan əngəllənməsi ola bilər? Düşündünüzmü ki, Rusiya adında nəhəngin sərhədləri boyunca + azərbaycanlı qismində tanınan 5 məşhur soyad varsa, onlardan biri də Bülbüloğludur? Düşündünüzmü ki, bu əsəb neçə milyon soydaşımızın başı üstündən  qara buludların çəkilməsinə, bir nəfərin ittihamı üzərindən milyonlarla insanın qorunmasına, müdafiəsinə yönələ bilər? Bəlkə həmin məqamda əsəbi olmağa borclu imiş, səfir? Bəlkə həmin əsəbi bəyənat daha böyük kritikanın qarşısını alıb? Ola bilməzmi?

Allah xətrinə, əsas hədəfi unudub bir-birimizi yamanlamayaq. Qarabağ boyda dərdimiz varkən əzmimizdən, səbrimizdən, birliyimizdən sapmayaq. Bizi özümüzə diddirənlərə - kənaran baxıb zövq alma imkanını, luksunu, şansını tanımayaq...

Ayrıca, hər suala arzuladığımız cavabı almaq və ümumiyyətlə sual verməyin özü şərt deyil.
Cavab almaqdan daha gözəl olan isə cavab verməkdir.

Nümunə? Buyurun. Prezidentin sərəncamı: "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılsın”

Cavab budur, əzizlərim. Bütün lazımi dairələrə və şəxslərə. Eyni anda. Peşəkarca. Üstəlik, sualsız - filansız.
 
Elşən Musayev, Milli Məclisin deputatı.
 
Aktual.az
Xəbər 6396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR