TƏCİLİ: Putin Sarkisyanı Moskvaya çağırdı - Qarabağa görə...

TƏCİLİ:  Putin Sarkisyanı Moskvaya çağırdı - Qarabağa görə...

Rusiya prezidenti Vladimir Putin sabah Ermənistan prezidenti Serj Sarkisyanı Moskvada qəbul edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, prezidentlər görüşdə əsas Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
"Sarkisyan martın 14-15-də Putinin dəvəti ilə Rusiyada səfərdə olacaq. Martın 15-də keçiriləcək yüksək səviyyəli danışıqlar zamanı siyasi, iqtisadi, mədəni sahədə ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq. Bundan başqa, regionun aktual problemi Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda qeyd olunur.
Aktual.az xəbər verir ki, Sarkisyanın bu yaxınlarda Fransa prezidenti Fransua Ollandla görüş keçirməsi və bu görüşdən dərhal sonra Putinin çağrışına getməsi bəzi şübhəli məqamlardan xəbər verir. 
Xatırladaq ki, martın 6-da Serj Sarkisyan Fransaya səfər edib və həmkarı Fransua Ollandla görüş keçirib. Tərəflər bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə ediblər. Sarkisyan hər dəfə olduğu kimi, yenə də çirkin niyyətindən əl çəkməyərək Qarabağ ərazisində Azərbaycan ordusu tərəfindən atəşkəsin pozulduğunu bildirib.


Təxribatçı və yalançı Ermənistan prezidenti bu dəfə də öz ampulasında, yaltaq və hiyləgərcəsinə Ollanda yaltaqlanmaqla başlayıb: "İnanıram ki, Minsk Qrupunun üzvü olaraq Fransa Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutacaq. Fransanın və şəxsən sizin Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətiniz böyükdür. Ermənistan çalışır ki, münaqişədə sülh yolunu tutsun. Lakin Azərbaycan tərəfi buna mane olmağa çalışır. Tez-tez cəbhə istiqamətində atəşkəsi pozur”.
F.Olland isə bəyan edib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər: "Biz ABŞ və Rusiya ilə birgə Minsk Qrupunun həmsədriyik. Son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”. 
Sarkisyanın Fransa səfəri zamanı Avropadan komək istəməsi də onun çıxılmaz durumda olduğundan xəbər verir. Belə ki, son vaxtlar Azərbaycan Ordusunun düşmənə endirdiyi cavab zərbələrindən sarsılan Ermənistan hakimiyyəti düşdüyü çətin vəziyyətdən çıxış yolları axtarır. Lavrovun "Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işi deyil" açıqlamasına Ali Baş Komandan İlham Əliyevin sərt reaksiyası və ordumuzun düşmənə vurduğu cavab zərbələri Sarkisyan hakimiyyətinin sonunu gətirib deməyə bir növ əsas verib.
Aktual.az-ın məlumatına görə, gərgin dirənişdən və Rusiyadan əlini üzəndən sonra Ermənistan rəhbərliyi Fransaya son səfəri zamanı Olanddan bəzi məsələlərə görə qarant alıb. Məhz bu qarant da Rusiya ilə danışıqları başa vurmaq və  Avropada mövqelərini möhkəmləndirmək barədə düşünməkdən ibarətdir.  
Bəzi ekspertlər də bu qənaətdədəir ki, Sarkisyanın Avropanın ən aparıcı dövlətləri sırasına daxil olan Fransa səfəri də Avropaya inteqrasiyanın konturlarını müəyyən etməyə hesablanıb. 
Çox güman ki, Avropa Birliyi ölkələri ilə sıx əməkdaşlıq proqramlarında iştirak etmək arzusunda olan Sarkisyanın qulağı martın 15-də Rusiya prezidenti Vladimir Putin tərəfindən çəkiləcək. O ki qaldı bu qulağın çəkiləcəyinə və ya çərtiləcəyinə, bunu 1 gün sonra daha dəqiq söyləmək olar. Görüşə hələ ki, 1 gün vaxt qalir...
Yeri gəlmişkən, görəsən Qarabağ münaqişəsinin həllində Rusiyanın çəkisi dəyişibmi?  Fərqi yox, istər müsbət, istərsə də mənfiyə döğru. Bu sualın cavabına hərə bir cür cavab verir. Bəzi qərb araşdırma mərkəzləri son günlər münaqişənin həlli ilə bağlı Rusiyanın çəkisinin artdığını yazırlar.
Onlardan biri - "Stratfor” Araşdırmalar Mərkəzinin martın 8-də dərc etdiyi hesabatda deyilir ki, hazırda Qarabağ ətrafında status-kvonu dəyişmək istəyən yeganə tərəf Azərbaycandır. Odur ki, Azərbaycan danışıqların bərpasına çalışır. Rusiya, isə bu arzudan istifadə edərək Azərbaycanda nüfuzunu artıra bilər.
Araşdırma mərkəzi onu da qeyd edir ki, Ermənistan hökuməti bu danışıqlara kəskin etiraz edə bilər. Hətta Rusiya Ermənistan siyasi elitasını status ilə bağlı razılaşmaya razı salsa belə, Ermənistan cəmiyyəti bunu qəbul etməyəcək.
"Stratfor” yazır ki, istənilən güzəşt Ermənistan hökumətinin özünün mövcudluğunu risk altında qoya bilər. Xüsusilə də nəzərə alanda ki, Ermənistan prezident üsul idarəsindən parlament üsul idarəsinə keçid dövrü yaşayır.
Səfəröncəsi Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyadakı səfir Oleq Esayanı qəfildən istefaya göndərməsi də ölkədə böyük müzakirələrə səbəb olub. Erməni politoloqları bu haqda hərəsi bir söz desə də, səbəb tam dəqiq deyil. Sarkisyanın Moskva səfəri bəlkə də zənginliklə yadda qalacaq...o zənginlik ki, Sarkisyan hakimiyyətinin sonunun əvvəli bəlkə də bu görüşdən sonra başladı...
Xatırladaq ki, qoşunların təmas xəttində hərbi əməliyyatlar fevralın 23-dən sonra daha da sürətlənib. 

Aqil/Aktual.az
Xəbər 6323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR