Mən o gün içimdəki ayrılığı, öz “Ayrılığ”ımı oxumuşam - Elgün Quliyev

Mən o gün içimdəki ayrılığı, öz “Ayrılığ”ımı oxumuşam   - Elgün Quliyev

Neçə illərdir Azərbaycanı ölkə hüdudlarından kənarda uğurla təmsil edən, Türkiyədə yaşayıb fəaliyyət göstərən gənc və istedadlı ifaçımız Elgün Quliyev ötən həftə Bakının və rəsmi təmsilçisi olan “MEH” şirkətinin qonağı olub.

Fürsəti fövtə verməyib 7News.Az olaraq, imüğənnini sual atəşinə tutduq.

– Uzun illərdir Türkiyədə yaşayır  və fəaliyyət göstərirsiniz. Vaxtaşırı Azərbaycana gedib-gəlirsiniz. Məhz belə günlərdə Vətənə qayıtmaq bir qəribçün necə bir hissdir?

– Ümumiyyətlə, Vətənə həmişə qayıdanda qəribə bir hiss olur içimdə. Həyəcanla gəlirəm və o gecəni heç yata bilmirəm. Bu səfər də belə oldu. Yenə həyəcanla gəldim. Hətta gələndə dostlarımın çoxu dedi ki, hara gedirsən? Mən də zarafatca dedim ki, görürsünüz əsgər paltarındayam, indi yəqin şəkil də çəkərik, oxucular, görməyənlər də görəcək şəkildə belə gəldim, gələndə dostlarıma cavab olaraq dedim ki, Vətənin bu ağır günlərində Vətənin yanında olmaq lazımdır.

– Həm ağır, həm də şanlı...

Bəli. Çünki, qələbəyə çox yaxınıq. Özləmində, həsrətində olduğumuz torpaqları bir göz qırpımında geri ala bilərik.

– Bir qarışı, bir dırnaq boydası belə düşmən tapdağından azad olunubsa,artıq sevinməyə əsas var.

  Biz  başqasının torpağını istəmirik. Özümüzün halalca torpağını istəyirik. Biz haqqımızı istəyirik. Zarafatca dedim ki, gedirəm, inşallah, məni əsgərə alsalar, əsgər gedəcəyəm, Azərbaycan ordusuna qoşulacağam. Orda əlimdən gələni edəcəyəm. Bəli, gələndən məqsədim o idi ki, yəni səfərbərlik olsa, əsgərə gedim. Amma səfərbərlik olmasa Türkiyəyə qayıdacağam. Bəzi öhdəliklərim, bir həyatım var orada, onları davam etdirməliyəm.

– Həm də uğurla Vətəni  təmsil edirsiz. Bu da Vətənə bir xidmətdir.

 Bəli, bəli. Eyni şəkildə də dediyim kimi, səfərbərlik olsa sevə-sevə əsgərə gedərəm. O demək deyil ki, silahı götürüb gedib ön cəbhədə döyüşəcəyəm. Bir psixoloq kimi mənim işim insanları tanımaq, onlara ruh yüksəkliyi aşılamaq, doğru səmtə yönəltməkdir. Mən bilirəm ki, hansı əsgəri hansı pozisiyaya qoysaq, o əsgər orada yüz faiz müvəffəqiyyət qazana bilər. Hər insanı öz bacarıqlarına, öz xarakterinə görə doğru yönləndirdiyimiz zaman müvəffəqiyyət də qaçılmaz olur. Yəni bu mövzuda daha çox faydam ola bilər, nəinki əlinə silah alıb Allah-Allah deyə-deyə hücuma keçmək.

Fikir vermişəm “Ayrılıq” mahnısı məhz qürbətdə yaşayan sənət adamlarının ifasında daha gözəl, daha maraqlı səslənir. Ona görə sualı belə ünvanlamıram: niyə məhz “Ayrılıq”? Bəlli məsələdir! Amma mənə bir şey maraqlıdır, sizin ifa etdiyiniz  “Ayrılıq”da 5:20-də bir səs titrəyişi var. Bu Elgün Quliyevin xüsusi ifa texnikasıdır, yoxsa ... Yoxsa nədir?

Bəli, o mahnını mən çox yerdə oxumuşam. Amma heç vaxt elə oxumamışam.  Onun da fərqindəyəm.

–Hansı proqramda ifa etmisiniz?

– O, “Köklər və dallar” proqramında səslənib. Orda, hətta, mənim səsimə səs qatan bir nəfər də var. Proqramın aparıcısıdır.

–İli yadınızdadırmı?

İl yadımda deyil, amma böyük ehtimalla 2002-ci il ola bilər. Əslində, you-tube-də videonun altında yazılıb. O “Ayrılıq” doğurdan da fərqlidir. Orada oxuduğum bütün mahnılar, “Leyla” da,  “Qərənfil” də, digərləri də,  hər birini adətən oxuduğumdan fərqli ifa etmişəm. İndi dəsəsləndirirəm, amma eyni şəkildə səslənmir.Amma onun səbəbi bu idi ki, üç və ya dörd ilə yaxın Azərbaycana, Bakıya gəlmirdim. O zaman təhsilimdən dolayı Türkiyədəydim. Və bir Vətən həsrəti, ailə həsrəti, dost həsrəti vardı içimdə. Hətta, proqramın operatoru ilə danışanda da dedim ki, dörd ildir ailəmi görmürəm, çox darıxmışam. Dedi ki, onda mən səni yaxın plandan çəkim, anan, doğmaların üzünü yaxından görsün. Mən də o gün içimdəki ayrılığı, öz “Ayrılığ”ımı oxumuşam.

– Psixologiya hara, ifaçılıq hara, rəsm hara? Hansında daha çox özüdür Elgün? Yəqin musiqidə...Onda, mümkünsə, bu sualı da cavablandırın: Elgün Quliyev üçün musiqi hansı rəngdədir?

Rəngini sonda deyərəm. Amma psixologiya, musiqi, yoxsa rəsm deyəndə etiraf edim ki, bu həyatda başıma gələn ən gözəl şey mənim psixologiya üzrə təhsil almağımdır. Hər şeyin təməlində, alt qatında psixologiya yatır. Musiqinin belə. Hansı səmtə fokuslanırsan fokuslan, söhbət hər zaman insan psixologiyasından gedir. Musiqini də ifa edəninsandır, rəsmi çəkən də insandır. Dolayısıyla sən çörək bişirəcəksənsə, xəmirə ehtiyacın var. Psixologiya bu anlamda mənimçün bir növ “xəmir”dir. Rənglərə də gələndə isə, ən çox sevdiyim rəng açıq mavi rəngdir. Dənizlər də, səma da mavidir. Deyə bilərdim ki, Elgün Quliyevində musiqisi dəniz və səma rəngindədir.

–Haqqınızda oxuduğum qədəri ilə yaxşı ox atırsınız. Sözün bütün mənalarında “oxatan”sınız?

Yox,tez-tez atmıram. (Gülür)Təbiət etibarilə çox sakit adamam. Məşğuliyyət olaraq, bir idman kimi, ox atmağı sevirəm, amma həyatda nişangahla maraqlanıram,  amma atmaqmənlik deyil. Həmişə gözləmişəm ki, mənə ox atılsın. Müdafiə mövqeyində olan adamam, hücumçu deyiləm. Məsələn, bir əsgər kimi də, hücumçu olsam, tez ölərəm.

–Söhbət ox atmaqdan düşmüşkən, “O səs Türkiyə” Elgün Quliyevə nə verdi? Ümumiyyətlə, nəsə verdimi? Və ən əsas bu sualı cavablandırmağınızı istərdim: Niyə həminlayihə Azərbaycanda o cür maraqlı alınmır? Problem ifaçılarda, iştirakçılarda, münsiflərdədir, ya başqa nəsə var?

Elgün Quliyevə o layihə nə verdi? İlk növbədə hüsran verdi, çünki nəticəni belə təsəvvür etməmişdim. Hələlik onu deyə bilərəm ki, layihə ilə bağlı sözləşməm var, orada yaşananlar barədə açıq mediada danışa bilmərəm. Bir ilim qalıb. Bir ildən sonra içəridə yaşananları rahatlıqla anladacağam. Bircə onu bilin ki, böyük bir hüsran yaşadım. Və faydası nə oldu? Azərbaycanda tanındım! Çünki, Azərbaycandan 14 yaşım olanda getmişəm. Burada məni o qədər də tanımırdılar. Qardaşımı, atamı, tanıyırlar sənətçi olaraq, amma Elgün Quliyevi yox. Amma həmin gün bir gecədə bütün Azərbaycan məni tanıdı. Və bundan da böyük uğur ola bilməzdi mənimçün.

– Bəs Azərbaycanda o layihənin maraqlı alınmamağının səbəbi nədir?

Bunun münsiflərlə əlaqəli bir məsələ olduğunu düşünmürəm, bu layihədə əsas personalar münsiflər deyil. Bu layihə,proqramın müəllifi, təşkilatçısı kimdirsə,o onun başarısıdır. Türkiyədə Acun Ulucalıdır. Acun Ulucalının çox gözəl yönətim sistemi var. İnsanları çox gözəl yönəldir. Çünki lider ruhlu bir adamdır. Və işinə inanır, pul qoyur, ciddi bir anlamda enerji sərf edir. Bu layihə bir gəlir mənbəyidir, burada Acun və digər insanlar pul qazanırlar. Pulu daha yaxşı qazanmaq üçün də maraqlı strategiyan olmalıdır. Acun və onun komandası bu strategiya var, hər şeyi çox gözəl təqdim edirlər izləyiciyə.Nəyi nə zaman hətta kimin birinci olacağını da strategiya bəlirləyir. Sənin orda qəşəng oxumağın heç nəyi ifadə etmir. Gözəl səsinin olmağının da heç bir önəmi yoxdur. Çünki, bir tərəfdən də siyasi məqamlar var burda. Azərbaycanda isə bəlkə də,belə bir zehniyyətdə bir insan olmadığına görə o cür uğurlu alınmır. Çünki, Azərbaycanda eşitdiyimə görə pul qazanmaq mexanizmi fərqli işləyir. Türkiyədə heç bir iştirakçıdan bir qəpik belə olsa pul alınmır. Hətta onlara pul xərclənir. Onların xaricdən gəlməsi, oteldə qalması, qida xərcləri hər şey. Amma bildiyim qədəriylə, Azərbaycanda bu mexanizm tam əksinə işləyir. Ona görə burda bir müvəffəqiyyətdən söz edə bilmərik. Türklərin belə bir atalar sözü var: “çekirge bir sıçrar iki sıçrar üçüncüde ele geçer”. Bir də, bilirsizmi, bu yarışmalara xalq inanaraq gəlir. Elə bilirlər həqiqi yarışmadır. Və ora qatılan həvəsli, sonra da ümidləri qırılan insanların sayı-hesabı yoxdur. O yarışmaya qatılan bir insan kimi,heç də hər şeyin göründüyü kimi olmadığını deyə bilərəm. Detallara varmayacağam, sözləşməm var.

–Türk musiqisi ilə Azərbaycan musiqisini eyni yanğı, eyni həvəs, eyni enerji ilə oxuyursuz. Bir qəlbdə iki sevgi gəzdirmək çətin deyilmi?

“Bir qəlbdə iki sevgi”mi deyək, yoxsa“ bir sevginin iki qanadı”mı? Sənət elə bir şeydir ki, onu ruhla etmək lazımdır. İşin içinə eqolarımız qarışdığı zaman orda sənətdən söhbət gedə bilməz. Bunu həm də bir psixoloq kimi sizə deyirəm. Təbii ki, gördüyün iş də – istər türk mahnısı, istər dünya klassiklərinin ifaları, istər Orta Asiya mahnıları, Avropa musiqisi olsun – fərqi yoxdur, o işi ruhunun içinə qataraq edirsənsə, bunu ürəkdən edirsən demək. Onda bir ürəyin içində milyon mahnı ola bilər, milyon sevgi doğula bilər. Söhbət sənətdən gedir.Amma əgər insan sevgisindən söhbət gedirsə, bunu deyə bilərəm ki, bir ürəkdə, bir ruhda tək sevgi var o da Allah sevgisidir, ona qovuşmaq istəyidir. Amma onun sevgisini də tapa bilmək üçün bu dünyada birinə aşiq olmaq şərtdir. Bu dünyada eşqi dadmayan gerçək sevgiyə ulaşa bilməz. Çünki bu dünyadakı hər şey bir yansımadır. Çaylar insanın damarlarında axan qandır, ulduzlar insanın gözləridir, nəfəsi küləkdir – yəni hər şey yansımadır. Yer kürəsi özü makroinsandır, insan isə mikroplanet. Dolayısıylahər şey eyni şəkildə bir yansıma olduğuna görə, Allah sevgisini də tapmaq istəyirsənsə, bu dünyada insani sevgini tapmalısan.

–Ruhunuzla səsləşən, amma “bunu ifa edə bilmərəm” – dediyiniz mahnı varmı? İfa imkanları baxımından demirəm, “bu mahnıya toxuna bilmərəm” – bax, bu konteksdə və səbəb?

Elə mahnı yoxdur.Onu deyə bilərəm ki, ruhuma yaxın olmayan mahnıları oxumuram. Düzdü bu sualla əlaqəli deyil. Amma ruhuma yaxın olmayan, hiss etmədiyim, ifa məqamından həzz almadığım mahnıları heç vaxt oxumuram, açığı, dinləmirəm də. Amma dediyiniz kimi hələ ki, elə bir mahnı yoxdur.

–Sonda isə ənənəvi sual: Elgün Quliyev indi nə edir? Layihələr, gələcək planlar...

Hal-hazırda doktarantura proqramım var.Ona hazırlaşıram. Sentyabrda rəsmi sənəd qəbulu baş tutacaq. Doktaranturada oxumaq istəyirəm. Çünki gələcəkdə yığdığım bilgiləri universitetdə müəllim olaraq da gənclərə ötürmək istəyirəm.

– Hansı sahədə, psixologiya yoxsa musiqi?

Hər iki sahədə. İkisini birləşdirirəm. Bir psixoloq kimi fəaliyyətim onsuz davam edir, İstanbulda Üsküdarda psixoloji mərkəzimiz var. Orda danışanlarıma biz “danışan” deyirik, çünki onlara xəstə kimi,müştəri kimi baxmırıq. Onlara yollar göstəririk. Yol deyil, altını cızaraq deyirəm “yollar” göstəririk. Seçim özünündür. Sən onun yerinə qərar vermirsən. Üsküdardakı şirkətimdə davam edirəm, eyni zamanda özəl bir şirkətim daha var. O da ticarətlə bağlıdır. Onu davam etdirirəm. Və menecerimlə bərabər konsertlərdə oluruq, Avropada və Türkiyədə. Türkiyədə hal-hazırda son savaşlardan dolayı, çox konsert olmur. Əvvəllər hər ay konsertim olurdusa, indi iki ayda bir, üç ayda bir konsertim olur. Amma Avropa, Amerika konsertlərimiz davam edir. Gedib-gəlirəm. Ən böyük arzum Azərbaycanda konsert verməkdir. İnşallah,bu arzumuz da çin olar. Həyat davam edir. Biz də yolçuyuq. Yola davam edirik. Bu yolda qarşıma nə çıxırsa, ya imtahanım, ya da təcrübəm olur. Amma istərdim ki, təcrübəm olsun, imtahanım olmasın.

–Yolunuz açıq olsun!

Söhbətləşdi: Ellada Mustafazadə

Xəbər 1346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR