"İşğal olunmuş ərazilər qanunsuz narkotik vasitələrin və silah alverinin məkanına çevrilib" - Xələf Xələfov


"Qaçqın və məcburi köçkün problemlərinin həlli ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını, ikili standartlara son qoyulmasını, birgə humanitar səyləri vacib edir”.
 
APA-nın məlumatına görə, bu sözləri Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
 
X. Xələfov bildirib ki, bu problemlər transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə yol açır : "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bu problemin miqyası geniş olsa da, Azərbaycan hökuməti həmin insanların sosial durumunun yaxşılaşdırılması, təhsili və digər sahələrdə ciddi nəticələr əldə edib. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir. Hökumətimiz bu sahədə müvafiq qanunvericilik sistemi yaradıb, mənzil təminatı yaxşılaşıb, yoxsulluq azalıb. Ancaq onların problemi torpaqlar azad ediləndən sonra tam həllini tapacaq. Azərbaycan hökuməti bununla bağlı Böyük Qayıdış Proqramı hazırlayıb. Azərbaycan hökuməti keçən il işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlayıb".
X.. Xələfov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi Çıraqov və digərlərinin işi ilə bağlı qərarında Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırıb: "AŞPA-nın qətnamələrində də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın işğal olunmuş əraziləri qanunsuz narkotik vasitələrin və silah alverinin məkanına çevrilib. Dünya bu məsələdə vahid mövqedən çıxış etməyənə qədər transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə effektli olmayacaq. İkili standartlarla yanaşma müşahidə olunur, bu da Dağlınq Qarabağ münaqişəsinin həllinə mane olur. Ermənistan ərazilərimizdə məqsədli məskunlaşma siyasəti həyata keçirir, məcburi köçkünlərin torpaqlarına qayıtmasına mane olmağa çalışır. Ermənistan tərəfindən soyqırım və insanlığa qarşı cinayətlər törədilib. 1992-ci ildə Xocalı şəhərində əhaliyə qarşı soyqırım törədilib. Bu soyqırım bir sıra dövlətlər tərəfindən soyqırım kimi tanınsa da, bəzi dövlətlər buna biganə yanaşır. Bu, yolverilməzdir".
X. Xələfovun sözlərinə görə, Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir: "Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir. Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq. Beynəlxalq birlik bu məsələdə Azərbaycana dəstək verməlidir".
 
Aktual.az
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR