Birinci sinfə qəbul üçün bir gündə 9 mindən çox müraciət olub

Birinci sinfə qəbul üçün bir gündə 9 mindən çox müraciət olub

Elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə qəbulla bağlı 9334 nəfər valideyn sorğu yerləşdirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Aktual.az-a verilən məlumata görə, onlardan 8108 nəfəri övladlarının təhsil alması üçün ümumi təhsil məktəblərini, 1226 nəfəri isə lisey və gimnaziyaları seçib.
2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu prosesi martın 15-dən başlayıb sentyabrın 15-dək davam edəcək.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.
Həmçinin, I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR