21 mart - Ümumdünya Yer və Beynəlxalq Meşələr günüdür

21 mart - Ümumdünya Yer və Beynəlxalq Meşələr günüdür

21 mart – Ümümdünya Yer kürəsi və Beynəlxalq Meşələr Günüdür.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Ümumdünya Yer kürəsi günü 1971-ci ildə elan olunub. Hər il yaz gecə-gündüz bərabərliyi günündə qeyd edilir. Yer gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən "Yer günü” beynəlxalq səviyyədə qeyd edilməyə başlanılıb və iştirakçılarının sayı 141 ölkəni əhatə edərək 200 milyona çatıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Müxtəlif ölkələrdə bu tarix fərqli aksiyalarla yadda qalıb: konfranslar, sərgilər, böyük şəhərlərin magistral yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, abadlıq, təmizlik işlərinin aparılması, ağac əkilməsi.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2012-ci ildə martın 21-ni "Beynəlxalq Meşələr (meşə və ağaclar) günü” elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi vurğulayır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.
Builki "Meşələr günü”nün mövzusu Meşə Əməkdaşlıq Tərəfdaşlığı tərəfindən "Meşələr və enerji” kimi müəyyən edilib.
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda ölkəmizdə meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir.
Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına düşən meşə sahəsi 0,12 hektardır. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilib.
Ölkəmizdə hər il aidiyyəti qurumlar tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.
 
Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR