Cəbrayıla gedən yolun son nöqtəsində - ŞƏHİD anası

Cəbrayıla gedən yolun son nöqtəsində - ŞƏHİD anası

İki gün öncə Miq.Az-da dərc olunan "Xaraba qalmış evin bir otağında çiçəkləyən alça ağacı-Horadiz, Cocuq Mərcanlı" adlı məqalə geniş rezonans doğurdu. Hətta Türkiyədən, Ukraynadan və Rusiyadan oxucular zəng vurub, məqalənin müəllifi, tanınmış alim Akif Məmmədova təşəkkürlərini bildirir və o müqəddəs ananın şəhid övladı haqqında daha geniş məlumat verilməsi üçün xahiş edirlər...

Miq.az olaraq bildiririk ki, məqalənin ən maraqlı hissəsini indi veririk. Çünki yazıda haqqında ötəri danışdığımız qəhrəmanımız adını Azərbaycanın ən ŞƏRƏFLİ tarixinə belə yazdıra bildi...

Horadizdən üzü Cəbrayıla tərəf   

Arazın sol sahili boyu Füzulinin Qazaxlar, Mirzənağılı, sonra isə Cəbrayılın Cocuq Mərcanlı kəndi yerləşir. Bunlar, demək olar ki, birləşiblər. Hələlik Cocuq Mərcanlının yuxarı tərəfinə ehtiyat üçün heç kəsi buraxmırdılar. Əsgərlərimiz ora keçmək istəyənləri gülər üzlə qarşılayır və sanki günahkarmış kimi: "Hələlik olmaz”, - deyirdilər. 

Bayram günü olmasına baxmayaraq, qıraq-bucaqda adam çox idi. Fikirləşdim ki, yəqin, əsgər valideynləridir. Ancaq diqqətimi əsgərin çiyni üstündən üfüqlərə boylanan yaşlı bir qadın cəlb etdi. Kəndin Cəbrayıla tərəfki hələlik getməyə icazə verilən ən son noqtəsində dayanıb uzaqda görünən dağlara tərəf  baxır, tez-tez köksünü ötürür, yaşarmış gözlərini silirdi. Maraq üstün gəldi, ehtiyatla: "Bacım, - dedim, Siz də əsgər yanına gəlmisiniz?" Daldığı düşüncələrdən ayrıldı: "Yox, ay qardaş, oğlumun ətrini, iyini alıram. Tez-tez buradan keçib gedərdi kəndimizə - Mehdiliyə. Qorxusu yox idi...Hər dəfə qayıdanda üst-başını qoxulayar, ev-eşiyimizin, torpağımızın istiliyini, hərarətini alardım ondan. Bir dəfə də getdi, daha qayıtmadı. Qayıtmayacağını bilirmiş. Kəndimizə gedəndə həmişə deyərdi. Mən də yollara boylanıb oğlumu, onun gətirəcəyi torpaq ətrini gözləyərdim. Axırıncı dəfə "Türkiyəyə gedirəm, narahat olma", - dedi... 

Bu ANA iki nəfər dostu ilə Kəlbəcərə qədər gedib çıxan və orada şəhid olan Həsən Həsənovun ANASI idi...

ZƏRURİ XATIRLATMA. Şəhid Həsən Həsənov 1978-ci il aprel ayının 12-də Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. 2014-cü il iyulun 11-də Kəlbəcərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə doğmalarının qəbrini ziyarət edərkən girov düşüb və ermənilər tərəfindən güllələnərək öldürülüb. Sonralar mərhumun meyiti Azərbaycana gətirilərək Xırdalanda dəfn olunub. İki qız övladı var. Dilqəm və Şahbaz hələ də erməni əsirliyindədir. 

Fotoda: Şəhidimiz Həsən Həsənov...  8 yaşında (ortada)

Şəhərə qayıdandan sonra mərhumun qardaşı Nailllə görüşdüm. Xahiş elədim ki, Həsənin fotolarını göstərsin, şəhid qardaşı haqqında xatirələrini danışsın. Söhbətə bacısı Şahsənəm xanım da qoşuldu. Səslərindəki sonsuz kədərlə, ələmlə yanaşı, qürur hissini də duyurdum. Bu da təbii idi... Belə oğullarla təkcə onun qohumları yox, hamımız qürur duyuruq. Və belə oğullarımız çoxdur...

Fotolara izahat verim. Birinci şəkildə ortadakı Həsəndir, 8 yaşında. Dördünca şəkildə Həsəndən arxadakı Araz çayıdır, o tərəfə keçdiyi səfərlərin birində şəkilib. Axırıncı fotoda qızlarıdır, atalarının məzarı başında.





 

 
Aktual.az

Xəbər 6040 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR