Hakimiyyətin danışan dili - ƏLİ HƏSƏNOV

Hakimiyyətin danışan dili - ƏLİ HƏSƏNOV

 Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri/Xüsusi olaraq Aktual.az üçün
 
Heydər Əliyevin qurduğu ilkin komandada hər kəsin ucdantutma səmimi və layiqli (tutduğu vəzifə etibarilə) olduğunu söyləmək məncə sadəlöhvlük olardi. Təbii, tarixə baxış acısından. Ayrıca, bu heç mümkün olan bir şey də deyildi. Çünki Azərbaycanı 1 illik hakimiyyətləri ilə siyasi viranlığa çevirənlər Ulu Öndərə bu kontekstdə seçim imkanı qoymamışdılar. Əldə olanlarla işləmək lazım idi. Vəssalam. Və bu nüans sonrakı proseslər üçün də təsirsiz ötüşmədi...
Yəqin Heydər Əliyevin AzTV ilə Azərbaycan xalqına etdiyi gecə müraciətini (çağırışını) çoxları xatırlayır. Saat 2 olardı. Atam taksi çağırdı və biz də Prezident Aparatının qarşısına getdik. 
Ora çatanda artıq Rəhbər çıxış edirdi. Bir yanında Surət Hüseynov, digər yanında Rəsul Quliyev, arxa tərəfində isə Rövşən Cavadov...
Hə... bəlkə də kənardan eyni adlı mənzərə komanda görkü, birlik nümayişi kimi görünürdü. Amma yox! – Bu bir həlqə idi. Heydər Əliyev ətrafına dolanan həlqə. O həlqə ki, namərdliyi, nakişiliyi, nankorluğu simvolizə edirdi. O həlqə ki, gələcək naxələflər üçün təməl daşı atırdı...
Heydər Əliyev möhtəşəm idi! Gerçəkdən. Məğrur duruşu və bəlağətli nitqi ilə on minləri ovsunlamışdı. Aha, məhz on minləri. Gecə vaxtı  Ulu Ondəri həlqəyə alan məmur triosunun bu dəfə özü həlqədə idi. Xalq tərəfindən. Bu millət Heydər Əliyevi bir tək müxalifətdən, xarici düşmənlərdən deyil, həm də bir addımlığındakı naxələflərdən də qorumağa gəlmişdi...
Bir baxdım ki, Prezident Aparatının divarları boyunca gizlin - gizlin, asta - asta qurd sürüsünə bənzər insan toplusu üzü bu tərəfə yürüyür. Əvvəl elə bildim qvardiya -  filandı, mülki geyimdə köməyə gəliblər. Ta o vaxta qədər ki, atam yanındakı tanışına 2 kəlmə səsləndi: "Alçaqlar qayıdırlar....” 
"Hə müəllim, qayıdırlar. Hələ çoxları qayıdacaq. Hələ bu mənzərələri çox seyr edəcəyik.. Hələ zaman-zaman çox  xəyanətkar öz simasını bəlli edəcək” - qarşı tərəf də bu cavabı verdi. Həm də qeyri - adi bir əminliklə...
Və.... mən sonradan biləcəkdim ki, atamgilin "alçaq”, "xəyanətkar” - deyə xitab etdiyi dəstə Heydər Əliyevin artıq devrildiyini zənn edərək aradan çıxan, nəhayətində isə dövlət çevrilişi - filan olmadığını görüb "uslu-uslu” geri qayıdanlarmış...
Atamla bayaqdan söhbət edən tanış isə...Əli Həsənov imiş.
Cənab Prezidentin hazırda ictimai - siyasi məsələlər üzrə köməkçisi  olan -  Əli Həsənov... 
Əli müəllimi ilk dəfə belə tanıdım. Və həmin mitinqdən geri qayıdarkən elə yoldaca atam mənə bu insan haqda daha bir maraqlı məlumat verdi: "O, Heydər Əliyevə qarşı təpkilərin və AXCP rəhbərliyinin dözümsüzlüyünün ən pik vaxtında Ulu Öndərin rəsmini jest olaraq təyyarə salonuna keçirib. Əlində saxlayıb. Onun haqqını müdafiə edib. Üstəgəl, tələbə ikən. Halbuki bu addım ona hər an həyatı bahasına başa gələ bilərdi...”
***
Mən yazıya girişi təsadüfən məmur xatırlatması ilə başlamadım:  Çünki dövlətin "açar” təyinatlı  fiqurlarıdır onlar. Eyni zamanda vətəndaşla hakimiyyət arasında əlaqələndirici vasitə. Və bəzən həmin məmurlardan birinin ən sadə məsuliyyətsizliyi və ya xəyanəti bütöv bir hakimiyyətə olmazın bəlalar, ya da məhrumiyyətlər yaşada bilər... Yaşadıb da.
Kimləri görmədik ki?! Əli İnsanovundan tutmuş "Quska”sına qədər... Hansısa dini təriqətə qoşulub ağlıni itirənlərdən tutmuş bir an içində xarici dövlətlərin cibinə girən mənəviyyatsızlara qədər...
Fəqət, bir də simasını dəyişməyən, bəzən öz kişiliyinin bədəlini yüz cür əsəb və gərginliklə ödəyən məmurlara da rastladıq. Üstəgəl, onlar bir tək obrazlarını, sifətlərini qoruyub saxlamadılar, həm də vuruşdular. Heydər Əliyev ideyaları yaşasın, İlham Əliyev təklənməsin deyə vuruşdular. Sona qədər mərdcə vuruşdular...
***
Əli Həsənov sata-sata gəlib, sonradan Heydər Əliyevçi olanlardan deyil. Ya da kiminsə, kimlərinsə hesabına haqq etmədiyi "kreslo”nu zəbt edənlərdən.
 Əli müəllim 32 yaşında Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinə rəhbərlik edib. Bu çox ciddi göstəricidir. Və əgər Heydər Əliyev kimi dahi  32 yaşlı gənci bu yaşda belə bir məsuliyyətlə üzbəüz qoyurdusa, ona münasibətdə belə bir güvən sərgiləyirdisə, demək ki düşündüyü, bildiyi, planladığı  nələrsə varmış...
Əli Həsənov düz 20 ildir media və ictimai - siyasi təşkilatlarla işləyir. Üstəgəl, baxmayaraq ki, mən də bu camiənin üzvüyəm, yenə bir etirafı etmək məcburiyyətindəyəm: Ölkənin ən böyük "həşərat”ları məhz  eyni adlı sektorda cəmlənib.(bu sözü dəyərli insanlar öz adı üzərinə almasın. Təbii, istisnalar var) Onların tökdüyü zəhləni, çürütdüyü məsələni, etdiyi xırdaçılığı kimsə etməz, edə bilməz. Və ümumiyyətlə məlum təbəqə ilə işləmək insandan fundamental səbr, fenomenal soyuqqanlıq, yüksək manevr imkanlı ağıl tələb edir. 
Əli Həsənov hökümətin danışan dilidir. Bunu hakimiyyətdə də, kənarda da hər kəs bilir və etiraf edir. Onsuz mümkün deyil. O olmadan çox ciddi boşluqlarla üzləşir hökümət. Üstəgəl, əməlli axsayır. Ciddən! Məsələn, adam sıradan bir məzuniyyətə çıxsın, anındaca aləm dəyəcək bir - birinə. Məhz dəyəcək. Niyə?  Çünki əvəzləyici yoxdur. Bəlli xəttləri, keçilməz həddləri, diplomatik kodeksi, mövzuya düzgün yanaşma tərzini məmur elitasında Həsənov qədər mükəmməl mənimsəyən ikinci bir şəxs mövcud deyil. Kaş olaydı. Amma yoxdur. Nə təəssüf ki, yoxdur. 
 Əli Həsənov bir tək öz yerinə danışmır. O həm də qaş düzəldən yerdə vurub göz çıxaran bəzi ağzı və dili göyçək məmurların səhvini düzəldir, onların adi bir açıqlama ilə qatıb - qarışdırdığı məsələləri, mövzuları tənzimləyir, kompensasiya edir...
Əli Həsənovun düşmənləri çoxdur. Bu ölkədə təmiz reputasiyalı, istedadlı, ağıllı insanların hər biri kimi Əli Həsənovun da "düşmənləri" çoxdu. Və bu söylədiyimin əyanı sübutunu dəfələrlə görmüşəm, Əli müəllim haqda onun 1 faizi belə olmayacaq, ola bilməyəcək  vicdansızların nə qədər yalnış mükalimə yürütdüyünü seyr etmişəm. Fəqət, həmin naxələflərin varlığından və kimliyindən bəs -bəlli xəbərdar olan, onları əlinin içi kimi tanıyan Əli Həsənov bir dəfə də olsun özünə rəva bilib bu mövzuların üzərinə getməyib, o şərəfsizlərin səviyyəsinə enməyib, böyüklüyünü qoruyub saxlayıb. Və hətta bildiyim qədər ona bütün ömrü boyu pislik edənlərin fiaskosuna,  ifşa olunmağına, işdən çıxarılmağına belə sevinməyib Əli müəllim. Sadəcə təəssüflənib, bu insanların yalnışlığı, yazıqlığı, bədbəxtliyi adına təəssüflənib...
Əli Həsənov bu ölkənin ən sadə məmurlarından, ən kübar insanlarından  biridir. Onun zərrəsi belə olmayanlara yüz cür köməkçi, katibə, "oxran”, sürücü vasitəsilə çıxarkən, Əli müəllimə çox rahat formada, bir zənglə çıxmaq olur. Bu adam ən yorğun, ən gərgin halıyla da qarşısındakını incitmir, onunla  acı və kobud davranmır, səs tonunu dəyişmir, səbrinə hakim olur. 
***
Azərbaycanın məmur elitası hazırda 2 qrupa bölünüb: 
1) Hakimiyyəti sevdirənlər
2) Bu hakimiyyətə qarşı cəmiyyətdə ikrah hissi oyadanlar...
Əli müəllim birinciləri təmsil edir. Hərçənd  ikinci qrup birinciləri əzmək üçün nə zamandır çaba sərgiləməkdədir. Amma alınmır. İllərin cəhdi nəticə vermir. Çünki Əli Həsənov kimi məmurları hələ tükədə, bitirə bilməyiblər. Və İnşallah bunu heç bir zaman bacarmayacaqlar!
***
Son söz əvəzi: Çox hörmətli Əli müəllim! – Yazını əslində sizin dövlətçilik fəaliyyətinizə deyil, insanlıq fəlsəfənizə həsr etmək istəyirdim. Hətta bu məzmunda 2-3 abzas yazmışdım belə. Fəqət, sonra fikrimdən daşındım, kənardan düzgün anlaşılmaz, bayağı görünər deyə ehtiyat etdim. Ələlxüsus da sizin təvazökarlığınızı nəzərə alaraq! Və ardınca Aktual.az-da bu yazı ərsəyə gəldi. Amma...yenə rahatlamadım. Tam səmimi deyirəm. Çünki bəzi məqamlar var ki, onları rəsmi şəkildə, kitab sözləri ilə, trafaret üsulla, şablon qaydada çatdırmaq olmur. Odur ki,  1-2 cümləlik də olsa rəsmiyyətdən çıxmaq məcburiyyətindəyəm:

... Bir dəfə həyat yoldaşınız Sizin 50 illiyinizə həsr olunan müsahibədə məmur Əli Həsənovun deyil, ailə başçısı Əli Həsənovun təsvirini vermişdi. Və o müsahibədə belə bir sitat vardı:  "Bu insan kövrək kinolara belə baxa bilmir. Çünki dərhal gözləri dolur və sonra da tezcə eyvana çıxıb həmin göz yaşlarını yüz bəhanə ilə hamıdan gizlətməyə çalışır...”
...Yəqin xatırlarsınız, atamın ölümündən dərhal sonra məni qəbul etdiniz. Elə ordan-burdan, dəfndən-filandan üç cümlə danışmışdım ki, baxdım bayaqkı Əli Həsənovdan əsər-əlamət yoxdur. Gah eynəyini o yan-bu yana fırladı, gah əlinin altındakı kağız - kuğuzların yerni dəyişdi, gah katibə qıza tapşırıq verdi. Əlqərəz, hər şey elədi. Ki, bircə onun açıq-aydın sezilən kövrəkliyini görməyim...
Odur ki, Sona xanım məni öz fikirləri ilə təəccübləndirməmişdi...
Dəyərli Əli müəllim!
Zaman-zaman sizi çox yormuşam. Bütün problemlərimdən dolayı üzərinizə qaçmışam. Bəzən utanmadan, anlamadan, düşünmədən dalbadal zənglər etmişəm, subardinasiya qaydalarını pozmuşam. Hamısını bilirəm. Fəqət, bütün bu illər ərzində bir dəfə də olsun səhvlərimi, şıltaqlığımı, ərköyünlüyümü özümə xatırlatmadınız, üz çevirmədiniz, münasibət dəyişmədiniz, məni ümidsiz, gümansız qoymadınız...
Və hesab edirəm bu fikirlərin onlarla, yüzlərlə, minlərlə gəncin, sizə ehtiyacı olan insanların timsalında təsdiqi var.
Gec də olsa hər şey üçün  təşəkkürlər...!
Çox hörmətli Əli müəllim!
55 yaş bir tək rəqəmlərin baş–başa qaldığı məqam deyil.  Bu həm də ən gözəl günlərin, ailə, övlad, nəvə sevincinin, dövlət və gələcək uğruna yaşamağın, daha doğrusu yaşamaq məcburiyyətinin işartısıdır...
Lütfən səhhətinizi, əsəblərinizi qoruyun!
Hər nə qədər çətin olsa da qoruyun!
Sizə çox ehtiyacımız var... 
   Ad gününüz mübarək..!!!

2015

Xəbər 1044 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR